Azərbaycanda sosial şəbəkə platformalarında qeydiyyat qaydaları ilə bağlı yeni tələblərin tətbiqi təklif olunur. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna əlavə edilməsi nəzərdə tutulan dəyişikliklərə əsasən, 16 yaşı tamam olmayan şəxslərin sosial platformalarda fərdi rəqəmsal hesab yaratmasına icazə verilməyəcək.
Layihəyə görə, platformalarda qeydiyyat zamanı istifadəçinin yaşı müxtəlif texniki üsullarla yoxlanılacaq. Bunun üçün istifadəçilər yaşlarını bəyan etməli, həmçinin bank kartı, elektron poçt ünvanı və mobil telefon nömrəsi vasitəsilə məlumatlarını təsdiqləməlidirlər. 16-18 yaş arası şəxslər üçün isə qanuni nümayəndənin razılığı tələb olunacaq.
Bundan əlavə, 16-18 yaşlı istifadəçilərin hesablarında göstərilən məzmun və reklamlar, eləcə də platformadan istifadə müddəti valideyn və ya qanuni nümayəndə tərəfindən idarə edilə biləcək. Sosial şəbəkə provayderləri bunun üçün xüsusi nəzarət funksiyalarını təmin etməli olacaqlar.
Qanun layihəsi qəbul ediləcəyi təqdirdə, dərc olunduğu tarixdən 12 ay sonra qüvvəyə minəcək.