"Google"un dəstəklədiyi "Debug" layihəsi çərçivəsində ABŞ-də 32 milyon erkək ağcaqanadın təbiətə buraxılması planlaşdırılır. Layihənin məqsədi sarı qızdırma, denge, Zika və çikunqunya kimi təhlükəli xəstəlikləri yayan "Aedes aegypti" ağcaqanadlarının sayını azaltmaqdır.
Laboratoriyada yetişdirilən və Wolbachia bakteriyası ilə yoluxdurulan erkək ağcaqanadlar insanları dişləmir. Onlar dişi ağcaqanadlarla cütləşdikdə yumurtaların inkişafı dayanır və növbəti nəsillərin sayı azalır.
Layihədə süni intellekt, kompüter görməsi və böyük verilənlərin analizi kimi müasir texnologiyalardan istifadə edilir. Mütəxəssislər hesab edirlər ki, bu üsul pestisidlərə nisbətən daha təhlükəsiz və effektiv həll təklif edir.
Sinqapurda aparılan sınaqlar nəticəsində "Aedes aegypti" populyasiyası 80-90%, denge qızdırmasına yoluxma halları isə 70%-dən çox azalıb.